Şəki şəhərində Dövlət Məşğulluq Agentliyinin təşəbbüsü ilə məktəblilərlə “Karyera planlaması” adlı tədbir baş tutub. Əsas məqsədi 8-11-ci sinif şagirləri arasında peşəyönümlü məsləhət xidmətlərinin aparılması olan tədbirdə icra hakimiyyətinin, məşğulluq agentliyinin nümayəndləri, müxtəlif peşə sahibləri, məktəblilər iştirak ediblər. Çıxış edənlər şagirdlərə gələcək karyeralarında uğur qazanmağın ilkin mərhələsi olan ixtisas seçiminin vacibliyindən danışıblar. Tədbirdə gənclərə karyera axtarışında uğurlu seçim, əmək bazarındakı vəziyyət, ixtisas və ya peşə seçimi edərkən nələri nəzərə almaq lazımdır və s. mövzular haqqında məlumatlar verilib. Həmçinin xatırladılıb ki, xidmətin saytında mövcud olan alo karyera, ixtisas.az kimi elektron resurslar şagirdlərə gələcək ixtisas seçimində köməklik edə bilər. Tədbirə dəvət olunan müxtəlif peşə sahibləri öz uğurlu karyeraları və təcrübələrini məktəblilərlə paylaşıblar. Sonra şagirdləri maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb. Debatlarda aktiv iştirak edən gənclərə hədiyyələr təqdim olunub.