Artıq ikinci ildir ki, uğurla təşkil olunan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz iradəsi, xalqımızın birliyi və ordumuzun gücü hesabına qazanılmış tarixi Qələbəyə həsr edilən “Xüsusi Təyinatlı Gənclik” düşərgəsi gənclərin hərbi-fiziki hazırlığını yüksəltməyə, onları idmana və sağlam həyat tərzinə təşviq etməyə, vətənpərvərlik və həmrəylik hissinin daha da gücləndirməsinə öz töhfəsini verir. “Zəfərimiz” şüarı altında açıq hava şəraitində 7 komanda şəklində ümumilikdə 120 gənc iştirak edir. Düşərgə müddətində gənclərə simulyativ hərbi əməliyyat proqramı əsasında Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabit və gizir heyəti tərəfindən topoqrafiya, dağçılıq, mühəndis-istehkam, kəşfiyyat, sıra hazırlığı, ilkin tibbi hazırlıq, kütləvi qırğın silahlarından müdafiə hazırlığı, ekstremal şəraitdə həyatda qala bilmə, silahla davranış, atəş hazırlığı, əlbəyaxa döyüş üzrə praktiki təlimlər keçiriləcək. Həmçinin gənclər üçün hərbi idman oyunları, təbiətə ekskursiyalar və asudə vaxtda müxtəlif əyləncələrin də keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, 5 gün davam edəcək düşərgənin sonunda qaliblər mükafatlandırılacaq.