Zaqatalanın mərkəzindən 22 kilometr aralıda yerləşən ən ucqar kəndlərdən biri olan Sabunçu kəndinə getmək üçün 4 kilometrədək yolu çaylaq, daşlı ərazidən, və bir neçə çay yatağından keçməli olduq. Çətin, keçilməz relyefə məxsus dağlıq ərazidə yerləşən digər ucqar kəndlər kimi bu kəndin də ən ciddi problemi elə yolla bağlıdır. Çayda suyun səviyyəsi artdığı təqdirdə kəndin mərkəzlə əlaqəsi bəzən günlərlə kəsilir. Digər vaxtlarda isə kəndə yalnız xüsusi nəqliyyat vasitlərinin köməyi ilə getmək mümkündür. Əsrarəngiz gözəlliyi ilə göz oxşayan Sabunçuda hazırda 45-ə dək təsərrüfat və 200 nəfərə yaxın əhali yaşayır. Kənddə bir ümumi orta məktəb, kənd klubu, məscid və bir tibb bacısının çalışdığı tibb məntəqəsi fəaliyyət göstərir. Ucqar ərazidə yerləşməsinə baxmayaraq, Sabunçu kəndi elektrik enerjisi, rabitə və internet kimi vacib infrastrukturla təmin edilib. Ən qədim yaşayış məskənlərindən biri olan bu kəndin əhalisinin böyük qismi ötən əsrin ortalarında, çətin relyeflinin olması və sel, daşqın kimi təhlükələrə görə aran ərazilərə köçürülüb. Əzgilli, Ələsgər, Qalal, Qas kimi Sabunçu kəndinin də təbiətinin gözəlliyi bu ərazidə yaşıl turizmin yaradılması üçün olduqca əlverişlidir. Yeganə çatışmayan cəhət isə, yolla bağlıdır. Ucqun, daşqın, sel kimi təbii təhlükələr bu ərazidə normal yol çəkilişini mümkünsüz edir. Lakin, bu kəndlərdə yaşayan sakinlər əmindirlər ki, mütəxxəsislər onların bu yol problemi üçündə hansısa altenativ həll yolu tapacaq.