Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan, düşmənə mərdlik, cəsurluq dərsi verən Dövlət Sərhəd Xidmətinin əsgəri Səbuhi İsgəndərlinin anım günü qeyd edilib. Anım günündə şəhidin ailəsi, döyüş yoldaşları, şəhid və qazi ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk öncə şəhidin qəbri ziyarət edilib, ruhuna dualar oxunub. Ardınca Şəki şəhər 11 saylı orta məktəbdə keçirilən tədbirdə çıxış edənlər Səbuhi İsgəndərli haqqında xatirələrini bölüşüb, onun keçdiyi şərəfli ömür yolundan və döyüşlərdə göstərdiyi igidlikdən qürurla danışıblar. Vurğulanıb ki, Səbuhi uşaq yaşlarından qayğıkeş, mehriban, vətənpərvər bir insan kimi böyüyüb. Vətənə olan sevgisi, bağlılığı onu müharibənin ilk günlərindən ön cərgədə olmağa vadar edib. Rəsmi hissədən sonra şagirdlərin ifasında şəhidlərə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş olunub.