Şənbə, 29 Oktyabr 2022 12:43

Təşviş yaradan sahibsiz itlər...

Demək olar ki, ölkənin hər yerində sahibsiz itlərin sayının xeyli artması və insanlara hücum etməsi ilə bağlı xəbərlər yayılır. Bu məsələ İsmayıllı rayonunda da ən ciddi problemlərdən birinə çevrilib. Elə it dişdəmələri ilə bağlı statistikaya nəzər saldıqda da məsələnin nə dərəcədə ciddi olduğunu görmək mümkündür. Amma rayon rəhbərliyi sakinlərin bu narahatlığını görüb örnək bir addım atıb. Beləcə həm insanlar artıq rayonda rahat gəzəcək, həm də aclıq, səfalət içində yaşayan heyvanlar rahatlığa qovuşacaq..
 
Son zamanlar İsmayıllı rayonunda sahibsiz itlərin sayı həddən artıq çoxalıb. Küçələrdə, yol kənarlarında, hətta şəhərin mərkəzində belə sürü ilə gəzən itlərə rast gəlinir. Bu problem sakinlər, eləcə də rayona gələn qonaqlar üçün ciddi təhlükə yaradır.
 
Sahibsiz itlər vaksin olunmadığı üçün quduzluq xəstəliyinin də əsas daşıyıcılarıdır. Elə sakinlərin ən böyük narahatlığı da məhz bu xəstəliyin yayılması ilə bağlıdır. Ancaq tezliklə İsmayıllıda sahibsiz itlərin sakinlərə yaratdığı problem tarixə qovuşacaq. Çünki şimal-qərb bölgəsində ilk dəfə olaraq məhz İsmayıllıda sahibsiz itlər üçün sığınacaq yaradılıb. Rayonun Quşencə kəndinin yaxınlığında sığınacağın inşası ilə əlaqədar torpaq sahəsi ayrılıb , sığınacaq tikilib və heyvanların rahatlığını təmin etmək üçün hər cür şərait yaradılıb.
 
İsmayıllı rayon ərazisində sahibsiz itlər toplanaraq sığınacağa təhvil veriləcək. Burada həmin heyvanlar peyvəndlənəcək, reproduktiv fəaliyyətlərinin dayandırılması məqsədilə müvafiq əməliyyat aparılacaq. Mərkəzdə müalicə olunmuş sahibsiz heyvanlara fərqləndirici nişanlar vurulacaq. Rayon Kommunal Təsərrüfat İdarəsinin tabeliyində yaradılan sığınacaqda ilkin olaraq 100-ə yaxın sahibsiz itin saxlanılması mümkün olacaq.
 
Qeyd edək ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüs və təşkilatçılığı ilə həyata keçirilən layihə sakinlərin təhlükəsizliyinin təmin edilməsi, sahibsiz heyvanlara qayğı göstərilməsi, həmçinin cəmiyyətin onlara qarşı münasibətinin dəyişdirilməsi məqsədini daşıyır.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S