Qaxda böyük türk şairi və filosofu Yunus Əmrəyə həsr olunmuş “Yunus Əmrə sözünün Türk Özünüdərkinə təsiri” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Türk Ağsaqqalları Birliyinin, Rayon İcra Hakimiyyətinin rəsmiləri, tanınmış alimlər, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Oncallı kəndində Yunus Əmrənin məzarı ziyarət edilib. Daha sonra Heydər Əliyev Mərkəzində təşkil olunan konfransda böyük türk xalqının yetirdiyi ən parlaq simalardan birinə - Yunus Əmrəyə həsr olunan elmi-praktik konfransın Qaxda keçirilməsinin heç də təsadüf olmadığı, sufi şerinin görkəmli nümayəndəsinin dəfn edildiyi ehtimal olunan məzarlardan birinin də rayonun Oncallı kəndi ərazisindəki Oğuz qəbiristanlığında olduğu diqqətə çatdırılıb. Həmçinin "Türk birliyinin möhkəmləndirilməsi tarixi zərurət kimi" mövzusunda məruzə edilib. Konfrans Yunus Əmrənin yaradıcılığına aid bədii proqramla başa çatıb.