Azərbaycan Ordusunun mayorü Xəyal Məmmədov ölümünün ikinci ildönümündə məzarı başında anılıb. Anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları ilə yanaşı, digər şəhid valideynləri də iştirak ediblər. Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb,ruhuna dualar oxunub. Vətən müharibəsində göstərdiyi igidliklə tarix yazan şəhidin döyüş yoldaşları onun qəhrəmanlıqlarından qürurla danışıb, igid mayorla bağlı xatirələrini bölüşüblər. Şəhidllərimizin unudulmaması, onların gələcək nəsillərə tanıdılması məqsədilə məktəblərdə də xatirə tədbirləri keçirilir. Şəkinin 5 və 12 nömrəli məktəblərində Mayor şəhid Xəyal Məmmədovun adını daşıyan sinfin sagirdləri də onun xatirəsini yad ediblər. Məktəblilər vətənpərvər ruhda şeir və mahnılar ifa edib, şəhid Xəyal Məmmədovun keçdiyi şərəfli döyüş yoluna nəzər salıblar. Qeyd edək ki, şəhid mayor Xəyal Məmmədov Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub, yaralı döyüş yoldaşlarını xilas edib. Xəyal Məmmədov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı snayper gülləsi nəticəsində şəhid olub. Ölümündən sonra "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəbrayılın, Qubadlının və Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Ailəli olan Şəhidimizin iki qız övladı Vətənə əmanət qalıb.