Artıq yay öz yerini payızla əvəzlədi. Bununla da yay turizmi öz işinə yekun vurdu. Maraqlıdır, bəs, yay boyunca ölkəmizə gələn qonaqlar daha çox hansı bölgələrimizə səfər edib? Yay aylarında, eləcə də bayram günlərində yerli və xarici qonaqların üz tutduqları bölgələrdən biri də İsmayıllıdır. Rayona daha çox Avropa, Rusiya, Pakistan, Türkiyə və ABŞ-dan xeyli qonaq səfər edib. İsmayıllının uca dağları, sıx meşələri, təmiz havası, çayları, gölləri, şəlalələri, tarixi abidələri qonaqları özünə cəlb edib. Yay mövsümündə İsmayıllıya üz tutan turistlərin səfər etdiyi yerlərdən biri də qədim Basqal qəsəbəsi olub. Burada kənd turizminin inkişafı, eləcə də ərazidə tarixi abidələrin zənginliyi, eyni zamanda, digər turizm obyektlərinin yüksək xidmət göstərməsi qəsəbəyə gələn turistlərin sayını ilbəil daha artırır.
Xatırladaq ki, İsmayıllıda turistlər üçün maraqlı olan 233 tarix və mədəniyyət abidəsi mövcuddur. Onlardan biri - dünya əhəmiyyətli Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğu, 32-si ölkə, 127-si isə yerli əhəmiyyətli abidədir. 73 tarix və mədəniyyət abidəsi isə yeni aşkar olunub. Hazırda İsmayıllıda 20-dən çox otel və ailəvi istirahət mərkəzi fəaliyyət göstərir.