Bu gün Şəkidə Aqrar Sığorta Fondunun nümayəndəliyinin açılışı olub. Həmçinin icra, bələdiyyə nümayəndələri, sığorta şirkətləri və fermerlərin iştirakı ilə Aqrar Sığorta Fondu sistemin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı “Kənd təsərrüfatının inkişafında aqrar sığortanın əhəmiyyəti” adlı görüş keçirilib. Aqrar Sığorta Fondunun yeni yaradııan Şəki Filialı fermerlərə aqrar sığorta sistemi ilə bağlı daha yaxşı xidmət göstərmək, həmçinin təsərrüfatlarda yaranan risklərə çevik reaksiya vermək baxımından əhəmiyyətli rol oynayacaq. Filial Şəki-Zaqatala bölgəsindən olan fermerlərin tələb və təkliflərini dinləmək , onlara müstəqil ekspertlərlə daha sıx və operativ əməkdaşlıq etmək imkanı yaradacaq. Daha sonra Aqrar sığorta xidmətinin keyfiyyətini artırmaq, zərərlərinin qarşılanmasında istehsalçıların və fermerlərin məmnuniyyətini yüksəltmək, xidmətlərin daha əlçatan olması məqsədilə “Kənd təsərrüfatının inkişafında aqrar sığortanın əhəmiyyəti” adlı görüş baş tutub. Tədbirdə Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən icra, bələdiyyə nümayəndələri, sığorta şirkətləri və fermerlərlə birbaşa əməkdaşlıq edən qurumların təmsilçiləri, DAİM-in əməkdaşları iştirak ediblər. Görüşdə payızlıq əkin mövsümünün başlanması ilə əlaqədar yerlərdə fermerlərin aqrar sığorta haqqında maarifləndirilməsi, sığorta ilə bağlı müraciətlərin vaxtında edilməsi istiqamətində birgə fəaliyyətin təşkili əsas müzakirə mövzusu olub. Qeyd edilib ki, hazırda fond tərəfindən 48 məhsul və 29 risk üzrə sığorta təminatı təqdim olunmaqdadır. Bitkiçilik məhsulları bir çox risklərdən o cümlədən dolu, fırtına, qasırğa, sel və ya subasma, leysan, ildırım, donvurma, normadan artıq yağan qar yağıntıları və sair hallardan sığortalanır. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Bölgələrdə aqrar sığorta ilə bağlı maarifləndirmə tədbirlərinin bundan sonra da davam etdiriləcəyi bildirilib. Tədbirin davamı olaraq Şəkidə fəaliyyət göstərən müasir fermer təsərrüfatları ilə tanışlıq olub. Xatırladaq ki, fermerlərə dəstək məqsədilə hesablanan sığorta haqqının 50 faizini dövlət ödəyir.