Cümə axşamı, 22 Sentyabr 2022 09:33

Yeni çəkilən yol niyə dağılıb?

Şamaxı rayonunun Hüseyn Ciddi küçəsinin sakinlərinin kabusuna çevrilən avtomobil yolundan xəbər verəcəyik. Belə ki, yeni çəkilən yol istismar müddətini başa vurmadan, heç bir ili bitmədən dağılıb. Beləcə keyfiyyətsiz işin axırı ayrılan vəsaitin boşa çıxması ilə nəticələnib. Daha ətraflı indi təqdim edəcəyimiz sujetdə... Şamaxının ən böyük küçələrdən olan Hüseyin Ciddi küçəsi bir ilə yaxındır ki, yenidən qurularaq sakinlərin və sürücülərin istifadəsinə verilib. Az müddətdən sonra yolun bəzi hissələri yararsız vəziyyətə düşərək dağılıb, yolda böyük çökmələr əmələ gəlib. Bu da bu yoldan gündəlik istifadə edən sürücülərə çətinliklər yaradır. Yolun çəkilişi zamanı piyadaların rahat şəkildə gediş-gəlişini təmin etmək məqsədi ilə piyada səkiləri tikilib. Ancaq az müddətdən sonra bəzi hissələrdə asvalt örtüyü ilə yanaşı, piyada səkiləri də aşınmaya məruz qalaraq dağılıb. Bəzi nöqtələrdə isə səkilərin tikintisi yarıda saxlanılıb. Bu da sakinlərin haqlı narazılığına səbəb olur... Digər tərəfdən, yol nişanlarının qoyulmaması səbəbindən bu yoldan istifadə edən sürücülər sürət həddini aşırlar. Səkilərin yararsız olması səbəbindən piyadalar məcburiyyət qarşısında qalaraq yolun hərəkət hissəsi ilə getməli olurlar ki, bu da onların həyatı üçün real təhlükə yaradır. Rayonun baş memarı müsahibədən boyun qaçırsa da şifahi olaraq bildirildi ki, tezliklə sözügedən avtomobil yolunda təmir işlərinə start veriləcək. Uçaraq yarasız vəziyyətə düşən səkilər isə yenidən bərpa olunaraq sakinlərin istifadəsinə veriləcək. Ümid edək ki, deyilən sözlər elə söz olaraq da qalmayacaq. Əks halda yolun təmiri üçün ayırılan vəsait boşu-boşuna havaya sovrulmuş olacaq.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S