Şəkinin "Yuxarı Baş" Milli Tarix Memarlıq qoruğu ərazisində yerləşən 4 saylı orta məktəbi göstərəcəyik indi. Bir əsrə bərabər tarixi olan bu məktəb binasında ciddi təmir-bərpa işlərinin görülməsinə ehtiyac var. Doğrudur, məktəbin yaxınlığında digər orta təhsil ocaqları da fəaliyyət göstərir. Elə bu səbəbdəndir ki, şagird sayı da xeyli azalıb. Ancaq hər halda bu təhsil ocağı fəaliyyət göstərirsə, deməli normal şərait də yaradılmalıdır. Çünki hər bir şagirdin təmirli məktəbdə təhsil almaq haqqıdır. Sujeti izləyək.... Tarixi məkanda yerləşən məktəb tarix olmaq üzrədir. Məktəbin tavan və döşəmələri çöküb, divarları uçub, qapı və pəncərələri çürüyüb. Qışda isə burda təhsil alan məktəblilər əsl mübarizə aparmalı olurlar. Təməli 1927-ci ildə qoyulan bina əvvəllər oğlanlar məktəbi kimi fəaliyyət göstərib. Bütün bu illər ərzində isə heç bir əsaslı təmir işi aparılmayıb. Əvvəllər 200-dən çox şagirdin təhsil aldığı məktəbdə hazırda 62 şagird təhsil alır. Belə ki, məhəllə sakinləri və ətrafda yaşayanlar öz övladlarının həyatlarından ehtiyat edərək fərqli və daha uzaqda olan məktəblərə üz tutmalı olublar. Ancaq məktəbin problemləri bunlarla bitmir. Tavanın çökməsi yağıntıların birbaşa sinif otaqlarına düşməsinə səbəb olur. Nəticədə yağış suları xarab naqilləri isladaraq elektrik lampalarını da partladır. Məktəbdə istilik sistemi də yoxdur. Burda hələ də, odun peçlərindən istifadə edilir. Müəllimlərin dediyinə görə, dəfələrlə aidiyyatı orqanlara müraciət etsələr də, müsbtə cavab ala bilməyiblər. Qeyd edək ki, Şəki rayonunda son 10 ildə 23 məktəb binası tamamilə yenidən tikilib. 15 modul tipli məktəb quraşdırılıb və 5 məktəb əsaslı təmir edilib . Ümid edirik ki, növbəti tədris ilində 4 saylı orta məktəb də təmir olunan məktəblər sırasında olacaq.