Şəki Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və BDYPİ-nin “Siqnal” idarəsinin əməkdaşları şəhər ərazisində hərəkətin sıx olduğu küçələrdə, eləcə də təhsil ocaqlarının yerləşdiyi ərazilərdə təhlükəsizlik tədbirləri görür. Azyaşlıların iştirakı ilə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması istiqamətində görülən tədbirlər zamanı yollarda quraşdırılan köhnə və yararsız vəziyyətdə olan yol nişanları yeniləri ilə əvəz olunub, rəngi solan piyada keçidləri isə yenidən rənglənib. Bundan əlavə, nəqliyyat axınının intensiv olduğu bir neçə küçədə yeni piyada zolaqları da salınıb. Ümumilikdə 50-dən artıq məktəb, uşaq bağçası, ali təhsil ocaqlarının ətrafında müvafiq işlər görülüb, çatışmayan yol nişanları quraşdırılıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.