Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən kobud qayda pozuntuları törədən, avtomobillərində konstruksiya dəyişikliyinə yol verən, avtoxuliqanlıq edən, eləcə də sərxoş vəziyyətdə sükan arxasına əyləşərək digər hərəkət iştirakçıları üçün təhlükə yaradan sürücülərin müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə nəzarət-yoxlama tədbirləri keçirilib. Şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə yol polisinin apardığı yoxlamalar zamanı avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, sürət həddini aşan, qarşı hərəkət zolağına çıxan bir neçə sürücü aşkarlanıb. Onlar məsuliyyətdən yayınmaq üçün müxtəlif bəhanələr gətirməyə çalışsalar da, yol polisi qanunvericiliyin tələbləri barədə onlara ətraflı məlumat verib. Həmçinin keçirilən tədbirlər zamanı sürücülük hüququ olmadan, sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə edən sürücülər də polis əməkdaşları tərəfindən müəyyən olunub. Onların avtomobilləri müvəqqəti duracağa yerləşdirilib və barələrində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Şəhər ərazisindən hərəkətin təhlükəsizliyinin təmin olunması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də sürücülərin maarifləndirilməsi məqsədilə profilaktik tədbirlər bundan sonra da davam etdiriləcək.