Şəki Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və BDYPİ-nin “Siqnal” idarəsinin əməkdaşları yeni dərs ilinin başlanması ilə əlaqədar şəhər ərazisində hərəkətin sıx olduğu küçələrdə, eləcə də təhsil ocaqlarının yerləşdiyi ərazilərdə təhlükəsizlik tədbirləri görür. Azyaşlıların iştirakı ilə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması istiqamətində görülən tədbirlər zamanı yollarda quraşdırılan köhnə və yararsız vəziyyətdə olan yol nişanları yeniləri ilə əvəz olunub, rəngi solan piyada keçidləri isə yenidən rənglənib. Bundan əlavə, nəqliyyat axınının intensiv olduğu bir neçə küçədə yeni piyada zolaqları da salınıb. Qeyd edək ki, indiyədək Şəki-Zaqatala regionu üzrə 30-dan artıq təhsil müəssisəsi ətrafında "piyada keçidi" üfuqi yol nişanlanma xətti bərpa edilib. Ümumilikdə isə 50-dən artıq məktəb, uşaq bağçası, ali təhsil ocaqlarının ətrafında müvafiq işlərin görülməsi, çatışmayan yol nişanlarının quraşdırılması nəzərdə tutulub.