Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda yerli icra hakimiyyəti orqanlarının əməkdaşları və ictimai şura üzvləri üçün təlimlər davam edir. Növbəti təlimlər Şamaxı rayonu, Mədəniyyət Mərkəzində təşkil edilib. Təlimlərdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi, təlimçilər, Şamaxı, Ağsu, Göyçay, Qobustan, Kürdəmir, Ucar üzrə yerli icra hakimiyyətlərinin nümayəndələri, müvafiq şöbənin müdirləri, yerli icra hakimiyyəti yanında fəaliyyət göstərən ictimai şuraların rəhbərləri və üzvləri iştirak ediblər. Çıxış edənlər rayonun sosial-iqtisadi inkişafından, qeyri-hökumət təşkilatlarının keçdiyi inkişaf yolundan, QHT-dövlət münasibətlərindən və bu cür təlimlərin keçirilməsinin səmərəliliyindən bəhs edib. Təlimlər yerli icra hakimiyyəti orqanlarının ictimai iştirakçılıq, İctimai Şuralara seçkilərin təşkili və keçirilməsi prosesi, İctimai Şuraların hüquq və vəzifələri, fəaliyyət çərçivəsi, dövlət orqanlarının ictimai iştirakçılığın təmin olunması ilə bağlı öhdəlikləri sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunub.