Havaların soyuması ilə evlərdə və obyektlərdə təbii qazla işləyən cihazlara tələbat artır. Həmin cihazlardan qaydalara uyğun istifadə edilməməsi isə səssiz ölümün-dəm qazının qurbanlarını artırır. Dəm qazı və ya karbonmonoksit - tərkibində karbon olan yanacaqların yanması və ya tam yanmaması nəticəsində yaranan zəhərli qazdır. Dadsız, rəngsiz və qoxusuz olan bu qazdan zəhərlənmələrin son günlər daha çox artması insanların təbii qazla bağlı qaydalara düzgün riayət edib-etməməsini də sual altında qoyur. Ekspertlər hesab edir ki, dəm qazından boğulma halları əsasən insanların səhlənkarlığından baş verir. Qaz sobalarından və digər qızdırıcılardan istifadə qaydalarına düzgün riayət olunarsa təhlükə minimuma enir. Belə ki, mövsüm başlamazdan əvvəl bütün yaşayış məntəqələrində tüstü bacalarının yoxlanılması, profilaktik tədbirlərin görülməsi olduqca vacibdir. Ekspertlər dəm qazı təhlükəsindən qorunmağın yolunu xəbərdaredici qurğulardan - detektorlardan istifadədə görürlər. Qaz sızması təhlükəsi olduqda bildiriş siqnalı verən bu cür cihazların quraşdırılmasına nəzarəti isə Azəriqaz İstehsalat Birliyi edir. Qaydalara əməl etməyib dəm qazından boğulma təhlükəsi ilə üzləşənlərə ilkin tibbi yardımın vaxtında edilməsi də vacib məsələdir. Dəm qazından zəhərlənmənin əlamətləri baş ağrısı, baş gicəllənmə, ürək bulanması və halsızlıqdır. Həmin halda ani gecikmə insanı həyatından edə bilər. Tibbi yardım briqadası gələnə qədər zəhərlənən şəxsi nəzarətdə saxlamaq, dərhal zəhərlənmə mühitindən çıxarmaq, otağı havalandırmaq lazımdır.