Dövlət İmtahan Mərkəzi əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil və ya əlavə tədris dili imtahanı, aprel-may aylarında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirib. Həmçinin eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları da imtahan veriblər. İmtahanda 14 112 nəfərin iştirakı nəzərdə tutulurdu. 13 nəfər fiziki məhdudiyyətli abituriyent də iştirak edib. İlkin məlumatlara əsasən, 4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Bundan əlavə, 1 nəfərin başqasının yerinə imtahana girmək cəhdi də müəyyən olunub və qarşısı alınıb. Əməkdaşlarımız isə prosesi Şəkidə izləyiblər. Şəkidəki imtahanlar zamanı qayda pozuntuları aşkar edilməyib. Yalnız 2 nəfər şəxsiyyət vəsiqəsini gətirmədiyi üçün imtahana buraxılmayıb. Nəticələrin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur.